Курбан Саид - Али и Нино
Qurban Səid
Əli və Nino
Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində oxuyarkən biz qırx tələbə idik. Onlardan otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü sektant, biri isə rus idi. Günün ikinci yarısında coğrafiya dərsi keçirdik. O günədək içimizdə şəhərimizin son dərəcə maraqlı coğrafi durumuna diqqət edən olmamışdı. Lakin indi professor Sanin zəif səsiylə bizə şəhərimizin coğrafi durumunu başa salırdı. Biz, sakitcə oturub onun dediklərinə diqqətlə qulaq asırdıq. “Avropanın şərq sərhədləri Şimalda Buzlu şimal okeanından, qərbdə Atlantik okeanından, cənubda da Aralıq dənizindən keçir. Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni Asiyaya aid edirlər. Digər alimlər isə bu bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropaya mı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır”.
Müəllimimizin özündən razı halda gülümsəməsi bilinirdi.
Kürəyimizə birdən birə ağır sual yükünün qoyulması bizdə çaşqınlıq yaratdı. Bu suala cavab vermək üçün böyük zəka tələb olunurdu.
Sonra ən arxa sırada oturan Məmməd Heydər əlini qaldırıb dedi:
“Cənab professor, biz Asiyada qalmaq istəyirik”. Sinifdə bərk qəhqəhə qopdu. Məmməd Heydər ikinci il idi ki, üçüncü sinifdə oxuyurdu. Bakı Asiya tərəfində qaldığı möhlətdə Məmməd Heydərin də üçüncü sinifdə bir il daha oxuması labüd idi. Çünki, maarif nazirliyinin qərarına əsasən Rusiyanın Asiya bölgəsindəki yerli tələbələrə eyni sinifdə kefləri istədikləri qədər qalmaq icazəsi verilirdi. Rus orta məktəb müəllimlərinin qızılı sapla işlənmiş uniformasını geymiş professor Sanin alnını qırışdırıb: “Demək Məmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çox qabağa. De görüm fikrini əsaslandıra bilərsənmi? Məmməd Heydər qızarmış halda qabağa çıxdı, lakin bir şey deyə bilmədi. Onun ağzı açıq, alnı qırışmış, baxışları isə mənasız idi. Məmməd Heydərin axmaq sayağı vəziyyətindən dörd erməni, iki polyak, üç sektant və bir rus son dərəcə həzz aldıqları anda, mən əlimi qaldırıb dedim ki:
- Cənab professor, mən də Asiyada qalmaq istərdim?
- Əli xan Şirvanşir! Sən də mi? Yaxşı çıx qabağa baxaq - Professor Sanin alt dodağını qabağa uzadıb, onu Xəzər dənizi sahillərinə qədər gətirmiş talehinə lənətlər yağdırdı. Sonra öskürüb, qürurla dedi: -Heç olmasa sən öz fikrini söyləyə bilərsənmi?”
- Bəli, ona görə ki, Asiyanı sevirəm.
- Sevirsən, eylə mi? Yaxşı, sən həqiqətən geri qalmış ölkələrdə...
Читать книгу: