Xanlarova Zeynəb Yəhya qızı (28 Dekabr 1936, Bakı) — müğənni, xanəndə, Azərbaycan Respublikasının xalq artisti (1975), SSRİ xalq artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1985).
M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirmişdir. 1961-ci ildən Opera və balet teatrının solistidir. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Q.Qarayev, F.Əmirov, T.Quliyev, C.Cahangirov, A.Məlikov, E.Sabitoğlu, Ə.Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər vermişdir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilmişdir. Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olmuş, Azərbaycan Respublikası Milli Məclisinin (I-II çağırış) deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili film)
Əliyevin Əli (2000)
Hacı Arif (1995)
Xilaskar. III Film (film)
Konsert Proqramı (1971)(II)
Qəribə adam (film, 1979)
Nəğməkar Torpaq (1981)
Salam, Zeynəb! (1982)
Şeirin Xəzrisi (2000)
Şərt (1984)
Toyda Görüş (1970)
Uğur Formulu (2007)
Üzeyir ömrü (film, 1981)
Yorulmamışam. Rövşən Behcət (2007)